Əgər istəsən...
Bir
gün qaranlıq gecə səni darıxdırsa, işıq istəsən gözümün işığını istə,
verərəm! Mən ki, sənsiz heç nə görmürəm. Bəlkə kor olduğumu ondan sonra
biləm. Xatirələr olar əl ağacım, əgər istəsən...

Yalqızlıq
bir gün səni üşütsə, qorxma, ürəyimi istə. Verərəm ürəyimi oduyla,
atəşiylə. Soyuyaram, payız yarpağı kimi quruyaram, ümidsiz-ümidsiz
əsərəm. Bəlkə onda yalqızlığımla barışam....
Bir
gün sakit həyatından yorulub sevinc, gülüş istəsən-dayanmaram, yanına
uçaram qanadlı quş kimi. Dodaqlarına tapşıraram bir ömrümün şəlalə
sevincini. Sonra sakit axan çay kimi susaram. Kədər külək kimi
qanadlarımı sındırsa da nə qəm, sən ki sevincimlə qəm bilmirsən. Bu
mənə bəsdir...

Bir
yay axşamı sərinlik istəsən, ahımdan qaralıb göydə bulud ollam, yağış
kimi səpələnib saçlarını, sinəni isladaram. Son damlama qədər yağaram.
Bəlkə onda göz yaşlarım birdəfəlik quruyar...
Məhəbbət
bağçasında bülbülü eşitmək istəsən, tələsmə. Ürəyimdə məhəbbətimin
yanıqlı laylası var. Dodaqlarımda həzin-həzin səsi var. Bülbül eşitsə
ağlayar. Sənə bağişlayaram məhəbbətimin səsini. Bəlkə onda lal ollam,
kədərli mahnılar oxumağı unudaram...
Bir
gün insafa gəlsən məndən xatirə istə. Sənsiz keçən günlərimi kitab kimi
vərəqləsən halıma yanarsan. Bir gün öz ədalət taxtına çıxıb məni
həqiqət kimi çağırarsan. Bir insaflı günündə məni həyata qaytararsan,
qüdrətinə inandırarsan, əgər istəsən...
Məndən həyatımı istə, sənindir. Yol ayrıcında tələsib dəsmal istəmə, onsuz da nəmdir. Mənə ölüm dilə, ayrılmaq demə...
Şərh yazmağı unutmayın!
|